Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktoru Ankarada bilik və texnologiya transferi üzrə beynəlxalq təlim və tədbirlərdə iştirak edib
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktoru Nicat Əlizadə 20–23 oktyabr 2026-cı il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində keçirilən bilik və texnologiya transferinə həsr olunmuş beynəlxalq təlim və tədbirlərdə iştirak edib.
Səfər çərçivəsində Nicat Əlizadə 20–21 oktyabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Universitet–Sənaye Əməkdaşlıq Mərkəzləri Platforması (USIMP) ilə birgə təşkil etdiyi “Tədqiqat nəticələrinin kommersiyalaşdırılması üzrə RTTP akkreditasiyalı təlim”ində iştirak edib. Təlim 5-ci WIPO–AUTM Beynəlxalq Bilik və Texnologiya Transferi Liderlik Sammiti çərçivəsində keçirilib.
Dörd moduldan ibarət təlimdə bilik və texnologiya mübadiləsi ekosistemləri, universitetlərin əqli mülkiyyət siyasətləri, kommersiyalaşdırma strategiyaları, texnologiya hazırlıq səviyyələri və texnologiya transfer ofislərinin rolu, fəaliyyət modelləri və peşəkar bacarıqları əhatə edilib.
İxtira bəyannaməsinin hazırlanması, patentə yararlılığın təhlili, ixtiranın qiymətləndirilməsi, mühafizə üsullarının seçilməsi və əqli mülkiyyət müqavilələrinin idarə olunması üzrə yanaşmalar təqdim olunub. Texnologiyaların bazara çıxarılması istiqamətində bazar tədqiqatı, müştəri seqmentlərinin və potensial tərəfdaş şirkətlərin müəyyənləşdirilməsi, şirkət və investorlarla ünsiyyət, kommersiyalaşdırma fəaliyyət planının hazırlanması məsələləri nəzərdən keçirilib.
Təlimdə həmçinin lisenziyalaşdırma strategiyaları və spin-off şirkətlərin inkişafı, lisenziya müqavilələrinin əsas elementləri, universitet–sənaye birgə tədqiqat və inkişaf layihələri üzrə lisenziya modelləri, kapitalın idarə olunması və danışıqların aparılması mövzuları yer alıb.
Təlimin yekununda iştirakçılar seçilmiş texnologiya üzrə qısa kommersiyalaşdırma fəaliyyət planı hazırlayıblar. Nicat Əlizadə təlimdə iştirak zamanı ən yüksək mümkün balı əldə edib.
Bununla yanaşı, 22–23 oktyabr tarixlərində TÜRKPATENT-də keçirilən Türkiyənin Milli Bilik və Texnologiya Transferi Həftəsi və onunla birgə təşkil olunan USIMP Milli Konqres, Simpozium və Sərgisində iştirak edilib. “Cəmiyyətin rifahı üçün təsirin maksimumlaşdırılması” mövzusuna həsr olunan tədbirlərdə texnologiya transferinin yaratdığı dəyər, startap tərəfdaşlıqları, dayanıqlı innovasiya klasterləri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
USIMP sərgisində universitetlərin texnologiya transfer ofisləri, texnoparklar, tədqiqat mərkəzləri və startapların təqdim etdiyi texnoloji həllər, eləcə də beynəlxalq bilik və texnologiya transferi layihələri ilə tanışlıq imkanı yaranıb.
Tədbirlərdə iştirak tədqiqat nəticələrinin mühafizəsindən bazara təqdimatına qədər kommersiyalaşdırma prosesinin müxtəlif mərhələləri üzrə beynəlxalq təcrübənin öyrənilməsinə və sahə mütəxəssisləri ilə peşəkar fikir mübadiləsinə imkan verib.

