Устав

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin

NİZAMNAMƏSİ

1.1. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” (bundan sonra – Mərkəz) elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində (bundan sonra – müvafiq sahə), bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində olan publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası digər normativ hüquqi aktlarını, Agentliyin əmr və sərəncamlarını rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları və qurumları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, bank hesabları, üzərində öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Mərkəzin Qanuna uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyət istiqamətləri

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. biznes mühitində elmi biliklərdən geniş istifadə edilməsi yolu ilə ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasında, elm və sənayenin inteqrasiyasına və əqli fəaliyyətin təşviq edilməsi yolu ilə innovativ iqtisadiyyatın formalaşdırılmasına dəstək verilməsində iştirak etmək;

2.1.2. elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirmək;

2.1.3. innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsi üçün texnologiyaların transferi ilə məşğul olan digər dövlət orqanları (qurumları) ilə, eləcə də fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etmək;

2.1.4. müvafiq sahə ilə bağlı daxil olan layihələr və onların hüquq sahibləri haqqında elektron məlumat bazasını yaratmaq;

2.1.5. kommersiyalaşdırılan texnologiya layihələrinin sayının artırılması istiqamətində işlərin həyata keçirilməsində, kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transfer prosesində vasitəçi xidmətlərin göstərilməsində, yüksək kommersiyalaşdırılma ehtimalı olan layihələrin aşkarlanmasına və həyata keçirilməsinə yardım edilməsində, kommersiyalaşdırılan layihələrə təşkilati-hüquqi dəstək göstərilməsində, elmi tədqiqatların nəticələrinin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda təşviq edilməsində iştirak etmək;

2.1.6. elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılma potensialının ekspertizasını təşkil etmək, dövlət orqanlarını (qurumlarını), elmi tədqiqat, ali təhsil müəssisələrini və digər aidiyyəti qurumları cəlb etməklə yüksək kommersiyalaşdırılma potensialı olan elmi tədqiqatların kommersiyalaşdırılması və transferi ilə bağlı məsləhətləşmələr aparmaq, informasiya dəstəyi göstərmək, elmi tədqiqat mühitinin yaradılması və kommersiyalaşdırma fəallığının artırılması ilə bağlı kömək göstərmək;

2.1.7. əhalinin əqli mülkiyyət sahəsində maarifləndirilməsində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etmək, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin müvafiq sahədə biliklərinin artırılması, mütəxəssislərin hazırlanması istiqamətlərində müvafiq işlərin təşkilində iştirak etmək;

2.1.8. texnologiyaların kommersiyalaşdırılması və transferi sahəsinin inkişafını təmin etmək;

2.1.9. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

 

3. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində iştirak etmək;

3.1.3. dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;

3.1.4. kommersiyalaşdırılan texnologiya layihələrinin sayının artırılmasında, onların kommersiyalaşdırılması və transferi prosesində vasitəçi xidmətlərinin göstərilməsində iştirak etmək;

3.1.5. kommersiyalaşdırılan layihələrə təşkilati-hüquqi dəstək verilməsində, elmi tədqiqat nəticələrinin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda təşviq edilməsində iştirak etmək, onların kommersiyalaşdırılma potensialının ekspertizasını təşkil etmək;

3.1.6. yüksək kommersiyalaşdırılma potensialı olan elmi tədqiqatların kommersiyalaşdırılması və transferi ilə bağlı məsləhətləşmələrin aparılmasında, onların həyata keçirilməsində iştirak etmək;

3.1.7. müvafiq sahədə fiziki və ya hüquqi şəxslərə informasiya dəstəyi göstərilməsində, elmi tədqiqat mühitinin yaradılması və kommersiyalaşdırılma fəallığının artırılması ilə bağlı işlərin təşkilində iştirak etmək;

3.1.8. kommersiyalaşdırılması və transfer edilməsi məqsədilə Agentliyə və ya Mərkəzə daxil olan layihələrin dəyərləndirilməsi üçün seçim kriteriyalarını müəyyən etmək;

3.1.9. patent qabiliyyətli ixtira, faydalı model, sənaye nümunəsinin və (və ya) startap layihələrin transferinə və kommersiyalaşdırılmasına dəstək verilməsində iştirak etmək;

3.1.10. texnologiyaların öyrənilməsində və sənayedə tətbiq edilməsi məqsədilə texnologiyaların transferinin həyata keçirilməsində iştirak etmək;

3.1.11. müvafiq sahədə yerli və xarici sahibkarlıq subyektləri ilə, eləcə də bu sahədə fəaliyyət göstərən digər qurumlarla danışıqların aparılmasında iştirak etmək və onlarla əməkdaşlıq qurmaq;

3.1.12. kommersiyalaşdırılma məqsədilə Agentliyə və ya Mərkəzə daxil olan layihələrə dair biznes planının hazırlanmasında, investor axtarışında, potensial bazarların müəyyən edilməsində iştirak etmək;

3.1.13. müvafiq sahədə layihələrin geniş auditoriyaya təqdim edilməsi üçün sərgilərin təşkilində iştirak etmək;

3.1.14. müvafiq sahədə Agentliyə və ya Mərkəzə müraciət edən şəxslərə fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi, marketinq və digər dəstəyin göstərilməsində iştirak etmək;

3.1.15. Mərkəzin fəaliyyətinə investisiya cəlb ediləcəyi təqdirdə, bağlanılacaq investisiya və digər müqavilələrin yerinə yetirilməsinə nəzarət etmək;

3.1.16. Agentliklə razılaşdırmaqla fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) ilə, eləcə də fiziki və hüquqi şəxslərlə, o cümlədən yüksək texnologiya parkları, elmi tədqiqat institutları və beynəlxalq təşkilatlarla, habelə fərdi layihələrin maliyyələşdirilməsi məqsədilə donor təşkilatlarla əməkdaşlıq etmək;

3.1.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan layihələrin və onların hüquq sahiblərinin elektron məlumat bazasını yaratmaq, layihələrin statistikasını aparmaqla iqtisadiyyatın prioritet sahələri üzrə, həmçinin digər sahələrdə hazırlanmış layihələrin təhlilini həyata keçirmək, eləcə də təhlil əsasında növbəti il üçün fəaliyyət planı hazırlamaq;

3.1.18. kadrların əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.19. müəlliflərin və digər hüquq sahiblərinin, startapçıların, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin əqli mülkiyyət sahəsində, o cümlədən Mərkəzin fəaliyyət istiqamətləri üzrə bilik və təcrübələrinin artırılması, bu sahə üzrə mütəxəssislərin hazırlanması istiqamətlərində işlər görmək və beynəlxalq tədbirlərdə iştirak etmək;

3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini, habelə bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.21. fəaliyyəti ilə bağlı elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.22. kargüzarlığı və vətəndaşların qəbulunu normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.23. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.24. Mərkəzə Agentlik tərəfindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.25. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.26. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.27. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.28. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Mərkəzin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. Agentliyə və ya Mərkəzə daxil olan layihələrin kommersiyalaşdırılması və transferi üzrə tədbirlər görmək, o cümlədən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində aparılan elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və transferi məqsədilə araşdırmalar aparmaq və məlumat toplamaq, maarifləndirmə işini təşkil etmək;

3.2.5. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. Agentliklə razılaşdırmaqla fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.7. öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;

3.2.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq müqavilə əsasında ödənişli xidmətlər göstərmək;

3.2.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr aparmaq və analitik materiallar hazırlamaq;

3.2.10. əqli mülkiyyət hüquqları sahəsinə nəzarət çərçivəsində Agentliyin apardığı yoxlamalarda iştirak etmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.12. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak edilməsi, idarə, filial və nümayəndəliklərin yaradılması ilə bağlı Agentliyə təkliflər vermək;

3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.14. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və direktordur.

4.3. Müşahidə Şurası (bundan sonra – Şura) Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura sədr və onun müavini də daxil olmaqla, Agentliyin nümayəndələri olan 3 (üç) üzvdən ibarətdir. Sədr və onun müavini də daxil olmaqla, Şuranın üzvlərini Agentliyin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Agentliyə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. Mərkəzin inkişaf istiqamətləri ilə bağlı təkliflərini Agentliyə təqdim etmək, Mərkəzin strateji məqsədlərini və planlarını müəyyən etmək;

4.7.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;

4.7.4. Mərkəzin əməyin ödənişi fonduna, işçilərinin say həddinə və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinə, o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminə dair Agentliyə təkliflər vermək;

4.7.5. Agentliklə razılaşdırmaqla, Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.6. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.7. direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.8. Şura üzvlərinin və Mərkəzin direktorunun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.9. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.10. Agentliklə razılaşdırmaqla, Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.12. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Agentliyə təkliflər vermək;

4.7.13. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4.8. Şuranın sədri ayda bir dəfə olmaqla Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Mərkəzin direktoru çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici sayılır.

4.9. Şuranın iclaslarında Mərkəzin direktoru o, müvəqqəti olmadıqda isə direktorun müavini də iştirak edə bilər.

4.10. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şuranın üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək Mərkəzin direktoruna göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.10-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihəsini hazırlayır, baxılması və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, həmçinin Şuranın hər hansı bir üzvünün və ya Mərkəzin direktorunun xahişi əsasında digər şəxsləri və ekspertləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şuranın üzvləri:

4.17.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.17.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.17.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.19. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor həyata keçirir. Direktor Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.

4.20. Direktorun Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. Direktorun müavini direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir. Direktor müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini, direktorun müavini olmadıqda isə onun müəyyən etdiyi şəxs icra edir.

4.21. Direktorun vəzifələri aşağıdakılardır:

4.21.1. Mərkəzin fəaliyyətini təşkil etmək, onun cari fəaliyyətinə rəhbərlik etmək və Mərkəzi təmsil etmək;

4.21.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.21.3. Şuranın qərarlarını icra etmək;

4.21.4. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.21.5. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili əmr və sərəncamlar vermək;

4.21.6. Mərkəzin Müşahidə Şurası ilə razılaşdırmaqla, aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.21.7. bu Nizamnamənin 3.1.24-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.21.8. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.21.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.21.10. özünün və Mərkəzin struktur bölməsi rəhbərlərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.21.11. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının strukturuna, ştat cədvəlinə və xərclər smetasına dair təklifləri Agentliyin İdarə Heyətinin sədrinə təqdim etmək;

4.21.12. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;

4.21.13. Mərkəzin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə Agentliyə təkliflər vermək;

4.21.14. Agentliklə razılaşdırmaqla, bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq, onların yerinə yetirilməsini təmin etmək və etibarnamələr vermək;

4.21.15. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;

4.21.16. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

4.21.17. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;

4.21.18. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

4.21.19. fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;

4.21.20. Agentliklə razılaşdırmaqla, Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərarlar vermək;

4.21.21. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

4.21.22. Agentliklə razılaşdırmaqla, Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq.

4.22. Direktor və onun müavini adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin nizamnamə fondu 100 000 (yüz min) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçilərin verdiyi digər əmlakdan, həmçinin Agentlik tərəfindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qanunla qadağan olunmayan qrantlardan, cəlb edilən investisiyalardan və digər vəsaitlərdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz Qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra fəaliyyətindən əldə edilmiş vəsait üzərində Agentliklə razılaşdırılmaqla sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin fəaliyyətindən əldə etdiyi vəsait bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Mərkəzin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin səlahiyyətləri çərçivəsində Agentlik və Mərkəzin idarəetmə orqanları həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

 

7. Mərkəzdə uçot və hesabat

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün Agentliklə razılaşdırmaqla kənar auditor cəlb edir.

 

8. Mərkəzin ləğvi və yenidən təşkili

8.1. Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.